Formula 1-də çıxış edən daha iki komanda yeni mövsüm üçün bolidlərini ictiamiyyətə təqdim edib. “Alfa Romeo” komandası Barselonadakı test yarışlarına qədər bolidini trassa çıxarmaq istəməsə də,  İsveçrə təmsilçisi  Formula 1 həvəskarlarını yarış maşının şəkilləri ilə tanış edib.  C42 bolidinin sükanı arxasına isə komandanın “Mersedes”dən transfer etdiyi Valtteri Bottas əyləşib.

Elə “Uilyams” komandası da eyni tərzdə yeni yarış avtomobilini ictimaiyyət önünə çıxarıb.  FW44 adını daşıyacaq yeni bolidi isə Barselonadakı test yarışlarında canlı izləmək olacaq. Yeri gəlmişkən, yeni yarış maşınının görüntüsündə bəzi dəyişikliklər edilib. Bundan sonra “Uilyams” bolidlərində 1994-cü ildə faciəvi şəkildə həlak olan komandanın sabiq pilotu Ayrton Sennanın xatirəsinə həsr olunan loqotip əks olunmayacaq.  Amma komanda yeni sponsoru olan “Duracell” firmasının adını yarış avtomobilinə həkk etdirib.